Sabahdan başlayaraq 65 yaşdan yuxarı vətəndaşlar koronavirusa qarşı vaksinasiya üçün qeydiyyatdan keçiriləcək.
Unikal.org xəbər verir ki, vətəndaşlar fevralın 5-i saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməlidirlər.
Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilərlər. İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapacaq. Bundan əlavə, sms vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar bildiriləcək.
Qeyd edək ki, fevralın 8-dən birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 min vətəndaş var.