Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.
Unikal.org xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 təmsilçisi tatami üzərinə çıxıb.
Kişilər 60 kq, qadınlar 48 kq çəki dərəcəsində hərəyə iki cüdoçu ilə təmsil olunublar. Onlardan Davud Məmmədsoy (60 kq), eləcə də Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.
Əvəzində Kəramət Hüseynov (60 kq) karyerasında ilk böyük uğuruna imza atıb. Mübarizəyə 1/32 finaldan başlayan 23 yaşlı idmançı ardıcıl olaraq, İJF bayrağı altında çıxış edən Məhəmməd Raşnonezad, moldovalı Nikolae Foka və yaponiyalı Ryuju Naqayamanı üstələyib. Lakin 1/4 finalda onun qarşısını fransalı Valide Xyar kəsib.
Bununla belə, Hüseynov monqolustanlı Unubold Lxaqvajamtsı təsəlliverici, qazaxıstanlı Maqjan Şamşadini 3-cü yer uğrunda görüşdə yenərək, bürünc medala yiyələnib. İstedadlı cüdoçu daha əvvəl Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş Avropa çempionatında da eyni əyarlı medal qazanmışdı.