Futbol üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
Unikal.org xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Moldova yığmasının qonağı olub.
Kişineudakı "Zimbru" stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 8-ci dəqiqədə Vitali Damaşkan vurub.
Azərbaycan yığması oyunun böyük hissəsini hücumda keçirməsinə baxmayaraq, hesabı dəyişə bilməyib. Üstəlik, 81-ci dəqiqədə Bədavi Hüseynov zədələnərək, meydanı tərk etdikdən sonra əvəzləmə limiti tükəndiyi üçün komanda matçı 10 futbolçu ilə başa vurmalı olub.
Beləliklə, iki kollektiv arasında sayca 11-ci görüşdə Moldova dördüncü qələbəsini qazanıb. Azərbaycanın isə cəmi 2 qələbəsi var. Bu, həm də 9-cu yoldaşlıq matçı olub.