Futbol üzrə Türkiyə millisinin hücumçusu Halil Dervişoğlu AÇ-2020-dəki çıxışları barədə danışıb.

Unikal.org xəbər verir ki, 22 yaşlı hücumçu TFF-nin mətbuat xidmətinə açıqlamasında şanslarından yararlana bilmədiklərini söyləyib:

“İlk iki oyunumuzda yaxşı nəticələr qazana bilmədik. Buna görə hamımız məyusuq. Amma qarşıda daha bir matçımız var. Həmin oyuna köklənmişik. Əslində bu fürsəti dəyərləndirməli, meydanda əlimizdən gələnin ən yaxşısını etməliydik. Şansımız az olsa da, İsveçrə ilə görüşdə bütün gücümüzü ortaya qoyacağıq. Xalqımıza borcumuz var. Buna görə də meydanı qələbə ilə tərk etmək lazımdır.

Bakıda bizə böyük azarkeş dəstəyi var. Bu üzdən dəstək verən hər kəsə təşəkkür edirəm. İstədiyimiz nəticələri əldə edə bilmədiyimiz üçün üzgünük. Buna görə onlardan üzr istəyirəm. Sonadək mübarizə aparacağımızdan heç kimin şübhəsi olmasın”.

Qeyd edək ki, iki turdan sonra xalsız olan Türkiyə millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. “Ay-ulduzlular” qrupdakı son matçını bu gün Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı keçirəcək. Oyuna saat 20:00-da start veriləcək.