AVRO-2020-nin 1/8 final mərhələsi davam edir.
Unikal.org xəbər verir ki, günün ilk oyununda Kopenhagendə son dünya çempionatının vitse-çempionu Xorvatiya ilə üçqat Avropa çempionu İspaniya qarşılaşıb.
Qrup mərhələsində ikinci olan rəqiblərin duelində xorvatlar kuryoz qolla hesabı açıb. Lakin Zlatko Daliçin kollektivi bu üstünlüyü qoruyub saxlaya bilməyib. Fasilə ərəfəsində Pablo Sabaria ilə status-kvonu bərpa edən “buğalar” dramatik alınan ikinci hissənin əvvəllərində önə də keçib. Bu dəfə Sezar Azpilikueta başla millidə “siftə”sini edib.
Ferran Torres 77-ci dəqiqədə rəqibi üçüncü dəfə məyus etsə də, xorvatlar təslim olmayıb. Əvvəlcə Mislav Orsiç fərqi minimuma endirərək, komandasını ümidləndirib. Son dəqiqələrdə isə Mario Paşaliç toru silkələyib. Bu da türkiyəli baş hakim Cüneyt Çakırın matçı daha 30 dəqiqə davam etdirməsinə səbəb olub.
Qol “yağışı” əlavə olunmuş dəqiqələrdə də davam edib. Ancaq bu dəfə bir komandanın ifasında. Sonradan meydana daxil olan Dani Olmonun dörd dəqiqə ərzində iki assisti Luis Enrikenin yetirmələrini yenidən 2 top fərqi ilə önə keçirib.