AVRO-2020-də 1/4 final mərhələsinə start verilib.
Unikal.org xəbər verir ki, mərhələnin ilk oyunu Rusiyada keçirilib.
Sankt-Peterburqda təşkil olunan matçda üçqat Avropa çempionu İspaniya AVRO-2020-nin ən böyük sensasiyasının müəllifi İsveçrə ilə üz-üzə gəlib.
Qarşılaşma erkən avtoqolla başlayıb. İsveçrəli Denis Zakariya 8-ci dəqiqədə öz qapısına qol vurub. Fransadan sonra ispanları da mübarizədən kənarlaşdırmaq niyyətində olan Vladimir Petkoviçin yetirmələri fasilədən sonra hesabda tarazlıq yaradıb. İkinci hissənin ortalarında Cerdan Şakiri bərabərlik qoluna imza atıb.
Lakin hissənin sonlarında isveçrəlilər azlıqda qaldqdan sonra böyük qüvvə ilə müdafiəçiyə çəkilib. İspaniya matçın əsas və əlavə vaxtında say üstünlüyündən yararlana bilməyib. Aramsız hücumlar edən Luis Enrikenin yetirmələri rəqibin müqavimətini qırmaqda çətinlik çəkib. Yarımfinala vəsiqənin sahibi penalti seriyasında bəlli olub. “Lotereya”da daha dəqiq olan İspaniya yarımfinala yüksəlib.
1/8 finalda Fransanı penaltilərlə keçən İsveçrə bu dəfə uduzub.
Qeyd edək ki,İspaniya bu gün keçiriləcək Belçika – İtaliya cütünün qalibi ilə yarımfinalda qarşılaşacaq. 1/4 final mərhələsinə sabah baş tutacaq iki oyunla (20:00. Çexiya – Danimarka, 23:00. Ukrayna – İngiltərə) yekun vurulacaq.