Beynəlxalq Olimpiya Komitəsinin sözcüsü Mark Adams, məşqçilərini tənqid etdiyi üçün ölkəsinə zorla göndərildiyini söyləyən 24 yaşlı Belarus idmançısı Kristina Tsimanovskayanın Yaponiya səlahiyyətlilərinin himayəsində olduğunu açıqlayıb.
Unikal.org xəbər verir ki, adıçəkilən idmançı səlahiyyətli nümayəndələrin müdaxiləsindən sonra Belarusa aparılmayıb və gecəni "Haneda" Hava Limanındakı oteldə qalıb.
Həmçinin, Tsimanovskayanın bu gün Tokiodakı Polşa səfirliyinə girərkən görüntüləndiyi bildirilib:
"Tsimanovskaya Belarusdakı ailəsinə edilən təzyiqlərdən narahatdır. Bu, hazırda ən çox narahatlıq doğuran məsələdir".
Bildirilib ki, bu gün qadınların 200 metr məsafəyə qaçış yarışında iştirak etməsi gözlənilən belaruslu idmançı, sosial şəbəkədə texniki qrupu tənqid edərək bildirib ki, o, bunu istəmədiyi bir yarışa qatılmaq məcburiyyətində qaldığı üçün edib. Bundan sonra o, zorla hava limanına aparılıb.
Belarusun Milli Olimpiya Komitəsi Tsimanovskayanın "emosional və psixoloji vəziyyəti" səbəbindən olimpiya komandasından uzaqlaşdırıldığını açıqlayıb.