Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu barədə Unikal.org-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 33 kiloqram olan narkotik vasitənin, 314 ədəd psixotrop və güclü təsirli maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Avqust ayının 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə ediib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin Beyləqan rayon sakini 1981-ci il təvəllüdlü Ağayev Vüsal Bayram oğlu olması müəyyənləşdirilib, onun əlindəki qara rəngli idman çantasına baxış zamanı içərisində təxmini çəkisi 33 kiloqram narkotik vasitəyə (25 kiloqram 340 qram “heroin”, 5 kiloqram 800 qram “metamfetamin”, 1 kiloqram 720 qram “marixuana”, 60 qram “tiryək”, 284 ədəd “metadon” M40 və 30 ədəd “preqabalin” dərman həbləri) oxşar maddələr aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.