Nyu-Yorkda 2011-ci il sentyabrın 11-də törədilmiş terror aktlarında həlak olan insanların xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilir.
Unikal.org xəbər verir ki, ABŞ prezidenti Co Bayden və xanımı Cill, sabiq prezident Barak Obama Manhettenə, vaxtilə Ümumdünya Ticarət Mərkəzinin qoşa qüllələrinin olduğu yerə gəliblər. Onlar burada terror aktlarının qurbanlarının ailələri ilə görüşəcəklər.
Mərasimdə həlak olanların adları oxunur. Yerli vaxtla saat 08:46-da – ilk təyyarənin Ümumdünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpıldığı vaxtda, saat 09:09-da – cənub qülləsinə hücum edildiyi vaxtda, 09:37-də - Pentaqonun binasına hücum olunduğu vaxtda, 09:59-da – şimal qülləsi çökdüyü vaxtda sükut elan olunub. Həmçinin saat 10:03-də - qaçırılmış təyyarənin Şanksvill şəhəri yaxınlığında yerə çırpılması nəticəsində həlak olmuş sərnişinlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu ərəfədə prezident Co Bayden terror aktlarının 20-ci ildönümü ilə əlaqədar xalqa müraciət edib.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Əl-Qaidə qruplaşmasından olan 19 terrorçu ABŞ-da dörd sərnişin təyyarəsini ələ keçirmişdi. Onlardan ikisi Nyu-Yorkda həmin vaxt ən hündür göydələnlər olan Ümumdünya Ticarət Mərkəzinin qoşa qülləsinə, üçüncü təyyarə Vaşinqtonun kənarında yerləşən Pentaqonun binasına yönəldilmişdi. Yenə də Vaşinqton istiqamətində hücum edən dördüncü təyyarə isə Şanksvill şəhəri yaxınlığında hədəfə çatmadan yerə çırpılmışdı. Bu terror aktlarında 90 ölkənin vətəndaşları olan 2977 nəfər həlak olmuş, 6 mindən çox insan yaralanmışdı.