Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın dostluğuna, Azərbaycan-Türkiyə əbədi qardaşlığına həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda: Azərbaycan-Türkiyə” kitabı işıq üzü görüb.

"Unikal" xəbər verir ki, kitab Milli Məclisin deputatı Məlahət İbrahimqızının ideya müəllifliyi ilə hazırlanıb.

Rəyçilər akademik, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və Ankara Universitetinin rektoru, professor Necdet Ünüvardır.

Redaktoru isə Türkiyə Böyük Millət Məclisinin AkPartili millət vəkili Öznur Çalıkdır.

Kitaba İlham Əliyev və Rəcəb Təyyub Ərdoğanın 2003-cü ildən başlayaraq 15 iyun 2021-ci il tarixinədək ikitərəfli və çoxtərəfli görüşlərindəki çıxışları, bəyanatları, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmış “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” daxil edilib.

Oxucular bu çıxışlar və kitaba daxil edilmiş bəzi sənədlər vasitəsilə bu iki görkəmli Liderin “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasında qardaşlığın, dostluğun, əməkdaşlığın, işbirliyinin ildən-ilə necə güclənməsinin və iki qardaş xalqın daha sürətlə inteqrasiyası yolunda yürütdükləri müdrik siyasətin, qətiyyətli və yorulmaz fəaliyyətin şahidi olacaqlar.

Kitabının təqdimatı bu ilin 16 dekabrında Ankarada Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin üzvləri, dövlət adamları və ictimaiyyət təmsilçilərinın iştirakı ilə keçiriləcək.

Təqdimatda Azərbaycan tərəfdən Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor, millət vəkili Eldar Quliyev, millət vəkili Ağalar Vəliyev, kitabın ideya müəllifi və hazırlayanı, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili, ATƏT PA vitse prezidenti Azay Quliyev və MediaTurk TV-rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı iştirak edəcək.