Son aylarda Rusiya və Ukrayna sərhədində gərginlik artsa da, Ukraynanın şərqindəki Donbas bölgəsində rus separatçıları ilə Ukrayna qüvvələri arasında qarşıdurmalar yenidən şiddətlənir.
"Unikal" xəbər verir ki, tərəflər bir-birini atəşkəs razılaşmalarını pozaraq ağır silahlarla hücumlar həyata keçirməkdə ittiham ediblər.
Ukrayna ordusu Rusiyanın dəstəklədiyi qüvvələrin Luqansk vilayətindəki kəndi minaatanlardan atəşə tutduğunu və kənddəki uşaq bağçasını vurduğunu bildirib. Ordu hadisə nəticəsində xəsarət alan olmadığını açıqlayıb.
"Reuters" xəbər agentliyinə danışan şahidlər Donetsk vilayətinin hava limanında və Elenovka kəndində atışma səslərinin eşidildiyini bildiriblər.
Donbas bölgəsində Rusiyanın dəstəklədiyi üsyançılar da hökumət qüvvələrini son 24 saat ərzində 4 dəfə atəş açmaqda günahlandıraraq, hadisələrdə ölən və ya yaralananların olub-olmadığını müəyyənləşdirməyə çalışdıqlarını açıqlayıblar. Ukrayna hökumət qüvvələri isə üsyançıları hədəfə almaları ilə bağlı ittihamları rədd edib.
Gülayə Mecid