Belarus və Rusiya prezidentləri İttifaq Dövlətinin reaksiya qüvvələrinin təlimlərini davam etdirmək qərarına gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin məlumat verib.
“Birlik Dövlətinin xarici sərhədləri yaxınlığında hərbi aktivliyin artması və Donbassda vəziyyətin gərginləşməsi ilə əlaqədar Belarus Respublikası və Rusiya Federasiyasının prezidentləri Birlik Dövlətinin reaksiya qüvvələrinin yoxlanılmasını davam etdirmək qərarına gəliblər", - Xrenin vurğulayıb.
Nazir qeyd edib ki, yoxlamalar zamanı İttifaq dövlətinin müdafiəsinin "əvvəllər ətraflı işlənməmiş" detallarına diqqət yetiriləcək.
Xatırladaq ki, fevralın 10-da Rusiya və Belarus “Soyuznaya Reşimost-2022” adlı iri manevrlərə başlayıb. Həmin vaxt Moskva və Minsk Rusiya hərbçilərinin təlimlərdən sonra daimi dislokasiya nöqtələrinə qayıdacaqlarını açıqlayıb.