ABŞ qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqil dövlət kimi tanınması qərarını qətiyyətlə pisləyir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antony Blinkenin yaydığı bəyanatda qeyd olunub.
“Duma belə bir təkliflə çıxış edəndə biz bildirdik ki, o, Rusiyanın Minsk razılaşmaları üzrə öhdəliklərini rədd edir. Bu, Rusiyanın diplomatiya öhdəliyinə birbaşa ziddir və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə zərbə vurur”, - bəyanatda deyilir.
Blinken həmçinin qeyd edib ki, dünya ölkələri güc təhdidi və ya güc tətbiqi ilə yaradılan “yeni dövləti” tanımamağa borcludurlar:
"Rusiyanın qərarı Putinin beynəlxalq hüquq və normalara hörmətsizliyinin nümunəsidir. Rusiyanın bu əsassız və qəbuledilməz hərəkətinə cavab olaraq Ukrayna, müttəfiqlərimiz və tərəfdaşlarımızla hərəkətlərimizi koordinasiya etməyə davam edəcəyik".
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı öz mövqeyinə sadiqdir.
Gülayə Mecid