Ötən gün 388 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, fevralın 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 421 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinqlər 414 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 388 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.