Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun əsgəri Kazımov Vüsal Vüqar oğlu şəhid olub.

Hadisə ilə əlaqədar Respublika Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan sözügedən məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

"Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir".

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin  tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin ediləcəkdir", - deyə o qeyd edib.

Murad İbrahimli

***

09:46

Martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

***

22:11

Azərbaycan Ordusunun hərbçisi qəzada ölüb. 

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Şuşada qeydə alınıb. Ordumuzun əsgəri, 20 yaşlı Kazımov Vüsal Vüqar oğlu qəzaya düşməsi nəticəsində həlak olub. 

Əsgərin əmisi oğlu Kənan Kazımov bildirib ki, yaxın saatlarda mərhumun cənazəsi ailəsinə təhvil veriləcək.