Qərb dövlətlərinin Ukraynaya təcavüzü ilə bağlı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar sərtləşməyə başladığı bir vaxtda rus oliqarxları öz əmlaklarını xaricə keçirməyə başlayıblar.
"Unikal" xəbər verir ki, rusiyalı oliqarxların və Prezident Vladimir Putinə yaxın şəxslərin əmlaklarının müsadirə olunmasından sonra 140 metr uzunluğundakı “Şehrazat” adlı super lüks yaxtanın sahibi də maraq doğurub.
ABŞ-ın köklü qəzetlərindən biri olan “The New York Times” İtaliyada lövbər salan lüks yaxtanın sahibinin axtarıldığını, italyan xalqının isə artıq yaxtaya “Putinin yaxtası” adını verdiyini bildirib.
Qəzet öz səhifəsində təqaüdçü zabit Ernesto Rossinin “Hamı ona Putinin yaxtası deyir, amma onun kim olduğunu heç kim bilmir” ifadələrini dərc edib. Lakin bu, çox yayılmış şayiə olsa da, hələlik dəqiq məlumat yoxdur.
Gəminin kapitanı Guy Bennett-Pearce "The New York Times" qəzetinə bildirib ki, Putin heç vaxt yaxtada olmayıb və onun sahibi heç bir sanksiya siyahısında deyil, lakin sahibinin rus olması ehtimalı var.
Bennett-Pearce həmçinin bildirib ki, “Şəhərazat”da işə başlamazdan əvvəl məxfilik müqaviləsi imzalamalı olub.
Dənizçilik üzrə peşəkarlar ittifaqı olan "Nautilus International"a görə, yaxtaya sahiblik sirr olaraq qalır, çünki “Şəhərazat”ın bütün ekipajı oxşar məxfilik müqaviləsi imzalayıb.
“Şəhərazat” dünyanın ən dəbdəbəli yaxtalarından biri kimi tanınır. 140 metr uzunluğunda, 4 mərtəbəli və helikopter meydançası olan Kayman adalarının bayrağı ilə yaxtası daha əvvəl dəfələrlə Bodruma səfər edib. Motorlu yaxtaların uzunluq sıralamasında dünyada 14-cü yerdə olan yaxtanın göyərtəsində vertolyot meydançası, üzgüçülük platforması, spa, gözəllik salonu və cakuzi kimi müxtəlif dəbdəbələr var.
Gülayə Mecid