“Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskiyə tamamilə məqbul razılaşma variantı təklif edir. Bu gün Ukrayna və Rusiyanın razılığa gəlməsi və Zelenskinin Putinlə bu razılaşmanı imzalaması hələ də mümkündür”.
"Unikal" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində söyləyib.
“Əgər Zelenski Putinlə razılaşma bağlamasa, o zaman o kapitulyasiya aktına imza atmalı olacaq. Rusiya bu müharibədə uduzmayacaq. Biz buna 100 % əminik. Bir tərəfin qələbəsi ilə bitən müharibənin nə ilə nəticələndiyini Yaponiya hamıdan yaxşı bilir”, - dövlət başçısı bildirib.
Belarus lideri Ukraynanın ölkəsinə qarşı eskalasiyanı davam etdirəcəyi təqdirdə cavab tədbirləri görəcəyini vurğulayıb:
“Nəyi nəzərdə tuturam: fevralın 23-24-də onlar Belarus ərazisinə zərbə vurmağı planlaşdırırdılar. Bu barədə danışmışam. 4 istiqamətdən. Biz bunu qabaqladıq. Onlar bizim dövlət sərhədimizi uçuş aparatları, helikopter və s. vasitələrlə pozurlar”.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Belarus ərazisindən Ukraynaya şimaldan hücum platforması kimi istifadə edir, oradan həm quru, həm hava qüvvələrini göndərir və raket atışları gerçəkləşdirir.