Alimlər Peruda yerləşən Çankillo adlı arxeoloji kompleksin dünyanın heç bir yerində görülməmiş unikal özəlliklərə sahib olduğunu və bilinməyən sivilizasiya tərəfindən inşa edildiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə sözügedən arxeoloji qazıntıları aparan alimlər danışıb.
Qeyd olunub ki, tikili inklər indiki Peru ərazisində öz imperiyalarını qurmamışdan və Günəş tanrısına sitayiş etməmişdən daha uzun müddət öncə bilinməyən sivilizasiya Amerika kontinentində ən qədim Günəş rəsədaxanasını inşa edib.
Sakit okean sahilinə yaxın yerləşən səhrada mövcud olan Çankillo adlı arxeoloji kompleks "13 qüllə" adlı Günəş rəsədxanasından, məbəddən, yaşayış yerlərindən və yerli sakinlərin yığıncaqları üçün nəzərdə tutulmuş yerdən ibarətdir. Alimlərin fikirlərinə əsasən, bu arxeoloji kompleks nə vaxtsa müxtəlif ayinlərin keçirilməsi və Günəşin müşahidə edilməsi üçün istifadə edilib. Bundan əlavə olaraq, arxeoloqlar belə qənaətə gəliblər ki, bu kompleksi inşa etmiş qədim sivilizasiyanın nümayəndələri Günəş təqvimindən istifadə etməyi bacarıblar.
Rəsədxananın eramızdan əvvəl 500-200-cü illər arasında inşa edildiyi bildirilir. "13 qüllə" adlı Günəş rəsədxanası ona görə belə adlandırılıb ki, o, 13 ədəd qüllədən ibarətdir və həmin qüllələr şimaldan cənub istiqaməti üzrə təpənin zirvəsində inşa ediliblər. Hər bir qüllə arasındakı məsafə eynidir. Qüllələrdən ibarət bu xəttin uzunluğu təqribi olaraq 300 metr təşkil edir. Sözügedən xəttin müxtəlif nöqtələrinə baxan zaman görmək olar ki, bu rəsədxana il ərzində Günəşin doğuşu ilə qürubunun dəqiq mövqeyini göstərir.
Ağarza Elçinoğlu