Biləsuvarda 29 nəfərə qarşı dələduzluq edən şəxs həbs olunub.
Bu barədə "Unikal"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri barədə rayon prokurorluğuna daxil olan vətəndaş müraciətləri əsasında araşdırma aparılıb.
Aparılan araşdırmalarla 2021-ci il avqustun 24-də “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunan Elman Nuriyevin özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin işçisi kimi, yəni özünü vəzifəli şəxs kimi təqdim edib dövlət özünəməşğulluq proqramı çərçivəsində iş və ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər verməklə 29 nəfər şəxsdən ümumilikdə 16 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə, eyni zamanda həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.
Elman Nuriyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.