Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Unikal"a bildirib ki, Şəmkir DYP-nin rəisinin sərxoş olduğuna dair səsləndirilən fikirlər həqiqətə uyğun deyil:
"Bu, böhran xarakterli fikirlərdir. Hadisə aprel ayının 4-də baş verib. Qəza nəticəsində nə polis əməkdaşı, nə də digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət almayıb. Hadisədən dərhal sonra hər iki sürücü sərxoşluq müayinəsindən keçirilib. Müayinənin nəticəsi əsasında sürücülərin hər ikisinin sərxoş olmadığı məlum olub. Hadisə barədə müvafiq araşdırmalar davam edir".
DİN rəsmisi əlavə edib ki, qarşı tərəfin avtomobili idarə etmək üçün sürücülük hüququ və müvafiq etibarnaməsi olmayıb.
Murad İbrahimli
***
11:57
Şəmkir Rayon DYP-nin rəisi qəza törədib.
"Unikal" “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə şəhərin 5-ci küçə adlanan ərazisindəki yol kəsişməsində baş verib.
Rəis Ramin Fətullayev 20-EX-200 seriyalı “Land Cruiser” avtomobilini aşırıb. Belə ki, o, baş yoldan gələn “Mercedes-Benz” markalı avtomobili gözləmədən keçdiyi üçün qəza baş verib. Ətrafdakı sakinlər hadisə zamanı DYP rəisinin sərxoş vəziyyətdə göründüyünü və onun yüngül xəsarət aldığını iddia ediblər.
Qeyd edək ki, mayor Ramin Fətullayev 2021-ci ilin aprelində daxili işlər nazirinin əmri ilə Şəmkir DYP-nin rəisi təyin edilib.
Qəza zamanı aşan avtomobilin fotosunu təqdim edirik: