Lənkəranda keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 11 nəfər saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər rayon sakini saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onlardan dördünün – Ş.Məmmədov, M.Hüseynov, Q.Məmmədli və D.Əsgərovun oğurluq əməllərinin də üstü açılıb. Belə ki, həmin şəxslərin ayrı-ayrılıqda rayon ərazisindəki müxtəlif ünvanlardan oğurluqlar etdikləri müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayonun Gərmətük qəsəbəsi ərazisində yerləşən anbardan 3070 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti materialları, bir yaşayış evindən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini F.Quliyev saxlanılıb.
Qeyd edilən faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.