Türkiyə silahlı qüvvələri yaxın vaxtlarda Suriyada Türkiyə-Suriya sərhədi boyunca 30 kilometrlik təhlükəsizlik zonasını tamamlamaq üçün yeni əməliyyata başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz cənub sərhədlərimiz boyunca 30 kilometr uzunluğunda təhlükəsizlik zonasını tamamlamaq, o cümlədən boşluqları bağlamaq üçün addımlar atmağa başlayırıq", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, əməliyyat prioriteti Türkiyəyə hücumların həyata keçirildiyi ərazilər olacaq. Türkiyə silahlı qüvvələri, kəşfiyyat və təhlükəsizlik qüvvələri buna hazırlıqları tamamlayan kimi əməliyyat başlayacaq.
Qeyd edək ki, Türkiyə 2016-cı ildən Suriyada sərhədyanı əməliyyatlar aparır. İlk ikisi “Fərat Qalxanı” və “Zeytun Budağı” adlanırdı. 2019-cu ilin oktyabr ayında “Sülh mənbəyi” əməliyyatına start verildi. 2020-ci ilin mart ayında İdlibdə Türkiyə ordusu Əsəd rejiminin hava hücumlarına cavab olaraq “Bahar qalxanı” əməliyyatı keçirib.
Mayın əvvəlində Türkiyə 1 milyon qaçqının Suriyaya könüllü qayıtmasını təmin etməyi planlaşdıran Suriyada yaşayış binaları, məktəblər, xəstəxanalar və iqtisadi obyektlərin tikintisi layihəsini açıqlayıb.
Gülayə Mecid