Xəbər verdiyimiz kimi, ötən axşam Gəncədə toy mərasimində ər-arvad bıçaqlanıb. Hadisədən sonra Gəncə BPİ-nin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R. İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb: "İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib. O, N.Məmmədova bıçaqla xəsarət yetirən zaman öz bacısı və bacısının həyat yoldaşı ona mane olmağa çalışıb. Bu zaman R.Həsənzadə onlara da müxtəlif xəsarətlər yetirib. Faktla bağlı cinayət işi başlanılıb".
Qeyd edək ki, hadisə “Min Bir Gecə” şadlıq sarayında qeydə alınıb. Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
***
23:43
Gəncədə toyda bıçaqlanan şəxlərin sayı 3-ə çatıb.
"Unikal" -ın məlumatına görə ər və arvadla bərabər Namiq Məmmədov da bıçaqlanıb. N.Məmmədov özəl xəstəxanaların birinə yerləşdirilib.
İlkin məlumata görə, hadisə mübahisə zamanı baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
xxx
22:53
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində ("Min Bir Gecə") şadlıq saraylarının birində qeydə alınıb. Şəfayət adlı şəxs və onun həyat yoldaşı Rəna müxtəlif bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov