Gəncədə qısqanc ər arvadını qətlə yetirdi. Bir neçə gün öncə qadının ailə-məişət münaqişəsində öldürülməsi ilə bağlı daha bir xəbəri gözdən keçirdim. Yenə eyni motivlə törədilən qətl və qatil ər. Nə birinci, nə də sonuncudur. “Ailə münaqişəsi zəminində ər arvadının başını kəsdi”, “Kişi arvadının boğazını kəsdi”, “Ər arvadını döyə-döyə öldürdü”...başlıqlı xəbərlər ayda ən azı bir neçə dəfə görünür. Sosial şəbəkələrdə(Facebook, İnstagram, Tik-tok, Twitter və.s) paylaşılan rəylərin əksəriyyətində qadın günahlandırılır. Cəmiyyətin bir çox üzvünün oxuyub eyni rişxəndlə işlətdiyi ifadə- “Yəqin, normal yolda deyilmiş”.
Hadisələrdən xəbərsiz klaviatura arxasında müqəssir axtaranlara nə deyəsən? Onların axtarışları yalnız qadını hədəfə almağa yönəlib. Rəy yazanların böyük əksəriyyəti kişilərdir. Burda belə gender bərabərsizliyini, dominant kişi xarakterini görürsən. Sual verəsən , o anormal yol nədir bəyəm? İnsanın başınının kəsilməsinə qədər gətirən səbəb nə olub? Yenə kişi namus bayrağını alacaq əlinə , xanımına xitab edərək: “Yad kişilərlə münasibət qurub, pis yolda olduğu üçün öldürdüm!” ləkəsi vuracaq. Bax budur görünən mənzərə. Kütləvi İnformasiya Vasitələrində intihar xəbərləri sərlövhəyə çıxarılıb yayımlanmaqla intihar cəhdləri artdığı kimi, bu gün qadın ölümlərinin də tirajlanmaqla sayı yüksəlir. Burda günah kimindir? Cəmiyyətə ötürülən bu xəbərlər insanlarda hansı hisslər oyadır? Belə xəbərlərə qarşı həssaslıq əvvəlki formasını itirir, laqeydlik hissi bütün ürəklərə hakim kəsilir. Şüuraltımız bunu mənimsəyib qəbullanır. Əfsuslar olsun ki, hadisənin məğzi eyni qalır, xüsusi amansızlıqla öldürülən qadınlar, yetim qalan körpə balalar. Öldürülməyə qədər isə ağır psixoloji basqı, fiziki şiddət, alçaldılma, təhqir və.s incə varlıqları məhv edir. Can verənə canı çox görən qatilləri cəmiyyət və onları böyüdən ailə, ətraf yetişdirir. Bir kişi boşandığı qadınının yenə namus keşikçisi qismində özünü aparır. Boşanandan sonra öldürülən qadınlar da çoxdur cəmiyyətdə.
Yaxınlarda bir ailə dostumuzgildə Vətən müharibəsindən söhbət düşdü. Ordumuzun şücaəti, müharibə dövrü xalqımızın birliyindən ağızdolusu danışıldı. Sonra ailə dostumuz özünün də müharibənin gedişində könüllü kimi yazıldığını dedi. Üzünü xanımına tutub söylədi: “Yadındadır, sənə demişdim, əgər məni müharibəyə aparsaydılar, getdiyim gün səni öldürüb, orduya qatılacaqdım”. Özümdən ixtiyarsız ayaqlarım soyudu, canıma əsməcə düşdü. Onun qısqanc olduğundan hamı danışırdı, lakin bu qədər qəlbiqara olduğunu bilməzdim. Onu gecə-gündüz qorxuda saxlayan, içdən-içə yeyən fikir isə öz namusu birdən öləndən sonra kiməsə qismət olar düşüncəsidir. Dəhşətli düşüncə tərzidir, elə deyilmi? Əminəm ki, bir çox kişi bu xofla yaşayır. Ona görə də qətl və qatillərin sayı eyni templə davam edir. Sağlam boşanma ənənəsi də yoxa çıxıb. Əzab çəkən də, ortada qalan da dünyanın ən məsum varlıqları- uşaqlar olur. Qadına qarşı mütəmadi şiddət onların övladlarının psixologiyasını alt-üst etməklə yanaşı, potensial qeyri-sağlam fərdlər yetişməsinə səbəb olur. Zorakılıqdan əziyyət çəkən qadının təhsil alması, ictimai siyasi həyatda iştirakı, eləcə də cəmiyyətdəki fəallığı kölgə altına düşür. Başverən hadisələrdə tək müqəssir kişidirmi? Mən belə düşünmürəm, burada problem bütünlüklə cəmiyyətdədir. Ailədaxili münasibəti bu həddə çatdıran biz özümüzük, laqeyidliyimizdir. Şəxsi keyfiyyətlərində istiqanlılıq, mehribanlıq, bir-birinin dərdinə şərik çıxıb, pis günündə kədərlənib, şad günündə isə sevinən xalqa laqeydlik yaraşmır. Üzücü hal isə böyüklərimizdən bizə qalan ənənəvi və mental dəyərlərə söykənən ailə münasibətlərinin get-gedə məhv olmasıdır. Keçmişdə nəslin bir ailəsində problem olardısa, hamılıqla qohumlar yığışardı: elin ağsaqqalı, ağbirçəyi həmin evə üz tutardı. Böyüklərin iştirakı ilə fərdi söhbətlər aparılardı. Gənclərə ailəni dağıtmamağa, ailə birliyinə, barışığa səsləyən məsləhətlər verilərdi. Problem hüquq mühafizə orqanlarına çatmaz, ev mühitində həll olub gedərdi. Ailəyə nəslin şərəfi, namusu kimi baxılar, ciddi dəyər verilərdi. Ona görə də onun əbədi olması, hər kiçik məsələdə sarsılmaması üçün böyük səylər göstərilər, birgəlik bərpa edilərdi. Yox, əgər məsələ həll olunmurdusa, bundan sonra aidiyyətı qurumlara üz tutulurdu. Əvvəllər kənd mühitində yuxarıda göstərdiyimiz nümunə qalmışdısa, indi artıq orada da yox olub gedib. Müşahidələrim göstərir ki, adət-ənənələrin gündəlik yaşayış tərzimizdən çıxdaş edilməsi sonda ailə institutunun deformasiyaya uğramasına və qurulmuş ailələrin dağılmasına, qadınların zorakılığa məruz qalmasına gətirib çıxarır. Elin qınağı, cəmiyyətin tənqidi havada qalır, dinlənilmək istəmir. Dövlətin müvafiq qurumları, eləcə də bu işlərə səlahiyyətli olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən işlər görməyə çalışsa da ,təəssüf ki, elə də ciddi nəticə vermir. Eyni templə davam edən qadın qətlləri, məhv olan ailə dəyərləri bizi üzür.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır. BMT Baş Assambleyası 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Mübarizə Günü elan edib. Təşkilata üzv olan Azərbaycanda da bu beynəlxalq günə, eləcə də bəşəriyyətin daim üzləşdiyi qadın zorakılığına qarşı müxtəlif tədbirlər həyata keçirilir. Qadına şiddətin səbəbləri çoxdur. Ekspertlərin ortaq qənaətinə görə, əsas səbəblər: sosial mühit, savadsızlıq, yanlış tərbiyə, psixoloji problemlər və pis xarakterdir. Kişinin basqı altında saxladığı çarşafa bükdüyü, qadağalar qoyduğu qadınların həyatı isə ayrıca mövzudur. Bunu din pərdəsi altında etməsi başqa dərddir. Ümumi mənzərəyə baxsaq, bütün səmavi dinlər və onların müqəddəs kitablarında qadına ilahi qüvvə kimi baxılır. Bu dinlərin hər birində cəmiyyətin zərif nümayəndələrinə yüksək hörmət və izzət bəslənilir. İslam dini tolerant din olaraq qadınlara qarşı zorakılığın bütün hallarını pisləyir. Qeyd edilir ki, cənnət anaların ayaqları altındadır və o, müqəddəs məqama layiqdir. Peyğəmbər əfəndimiz: “Qız uşaqlarını xor görməyin!”- buyurur. Müqəddəs kitabımız Quranda Allahın əmanəti olaraq adlandırılır.
İngiltərənin Birmingham Universiteti tərəfindən aparılan araşdırma ailədaxili zorakılığa məruz qalan qadınlarda ciddi psixoloji xəstəliklərin yaranması riskinin üç dəfə çox olduğunu ortaya çıxarıb. "British Journal of Psychiatry" jurnalında dərc edilən bu araşdırma İngiltərədə ailədaxili şiddətlə üzləşən və bunu həkimlərə danışan 18 min 547 qadın arasında aparılıb. Həmin qadınlar uzun illər boyu müşahidə edilib və onlar ailədaxili zorakılığa məruz qalmayan eyni yaşlı 74 min qadınla müqayisə olunublar. Məlum olub ki, belə hallara məruz qalan qadınlarda təşviş pozuntusu riski iki dəfə, depressiya, şizofreniya və bipolyar pozuntu riski isə üç dəfə artıqdır.
Depressiv vəziyyətdə olan qadınların intiharı da ayrı bir mövzudur. Yuxarıda qeyd olunan araşdırma bir daha bunun həqiqiliyini gözlər önününə gətirir.Əziz qadınlar, özünüzə şiddəti, təhqiri rəva bilməyin, heç kəsin Sizi çirkin, axmaq, problemli, zəkasız, gərəksiz, istedadsız, bacarıqsız, başıboş və.s kimi hiss etdirməsinə icazə verməyin, uğurlarınıza kölgə salacaq addımların atılmağına şərait yaratmayın, məğrur duruşunuzu itirməyin! Dünyanın ən şiddətli ikinci ağrısına dözən bir qadın zəif ola bilməz. Övladına görə bütün çətinliyə dözən qadın sına bilməz və sınmamalıdır da. Zəiflik yox, zərifliyin hakim kəsildiyi varlıq birmənalı dəyər görməlidir. Əziz kişilər, öz eqolarınızı hər şeydən üstün tutmayın, güzəştə gedən tərəf yalnız qadınlar deyil, həm də Siz olun. Ailənin bütövlüyünün qorunmasında xanımlarınızla birgə siz də çapalayın. Sağlam ailə mühitini ilk növbədə Siz formalaşdırın.
Günel Həsənova