Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında "son dərəcə vacib" çıxış edəcək.
"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Rusiyanın inkişafı, sanksiyalar, inflyasiya və qlobal böhran Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) çıxış edəcəyi əsas məsələlərdir.
Peskovun sözlərinə görə, o, Putinin anti-Rusiya sanksiyaları və onların enerji və ərzaq qiymətlərinə təsiri məsələsinə toxunacağına əmindir.
"Əlbəttə, bu barədə danışmamaq mümkün deyil və mən əminəm ki, prezident bu barədə danışacaq. Təbii ki, onun builki forumdakı çıxışı son dərəcə əhəmiyyətli olacaq", - Putinin sözçüsü bildirib.
Kreml sözçüsü həmçinin qeyd edib ki, 2022-ci il “mükəmməl sistemli fırtına” ilə yadda qalacaq.
XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 15-18 iyun 2022-ci il tarixlərində keçiriləcək. Vladimir Putinin plenar iclasda çıxışı iyunun 17-də baş tutacaq.
Gülayə Mecid