2014-cü ildə hakimiyyətə gələn Qərbin dəstəklədiyi Əşrəf Qani və administrasiyasının bir çox məmuru Taliban Əfqanıstandakı hakimiyyəti ələ keçirdikdən sonra ölkəni tərk ediblər. Keçmiş prezident Qəninin külli miqdarda pulla ölkədən qaçması xəbəri də reaksiyalara səbəb olub.
"Unikal" xəbər verir ki, keçmiş Əfqanıstan hökumətinin bir çox məmuru ölkəni tərk etdikdən sonra müharibənin son illərində xaricdə aldıqları dəbdəbəli villa və mənzillərdə məskunlaşıblar. Qani hökumətindən bir çox mühüm adlar Avropanın, Birləşmiş Ərəb Əmirliklərinin və Türkiyənin mühüm şəhərlərində yaşayır.
Qəni hökumətindən yüksək səviyyəli məmurların qaçdığı yerləri araşdıran “Wall Street Journal” təəccüblü nəticələrə gəlib. Minlərlə əfqan Taliban hakimiyyəti altında çətin həyat sürərkən, müharibədən qaçan minlərlə insan başqa ölkələrdə yeni həyat axtarır, illərlə ölkəni idarə edən keçmiş məmurlar isə Əfqanıstandan uzaqda lüks yaşayır.
Keçmiş prezident Əşrəf Qani Əbu-Dabidə ailəsi üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ayrılmış villada yaşayır. Hələ ölkəni tərk etməmişdən əvvəl bir çox dövlət məmurları xarici ölkələrdə vətəndaşlıq alıb, orada aldıqları dəbdəbəli iqamətgahlarda məskunlaşıblar.
Qəniyə yaxın adlar arasında olan və müharibə zamanı İngiltərə vətəndaşlığını alan Həmdullah Muhib Floridada lüks bir kurortda yaşayır. Məlum olub ki, qərbin dəstəklədiyi hökumətdə maliyyə naziri olan Eklil Hekimi də son illərdə Kaliforniyada milyonlarla dollar dəyərində ən azı 10 ev alıb. Ölkənin son maliyyə naziri Halid Payendanın Vaşinqton yaxınlığında iki evi var.
Məlumata görə, Əfqanıstanın keçmiş vitse-prezidenti Əbdürrəşid Dostum da daxil olmaqla bir çox ad Türkiyədə yaşayır. Keçmiş iqtisadiyyat naziri Mustafa Məstur da Taliban hakimiyyətə gəlməmişdən əvvəl İstanbulda aldığı mənzildə yaşamağa başlayıb.
Müxtəlif ölkələrə qaçan bir çox keçmiş hökumət rəsmiləri Talibanın qisas hücumlarına başlayacağından qorxaraq ölkəni tərk etdiklərini bildiriblər. Taliban hakimiyyətə gəldikdən sonra xarici yardımlar dayanıb və yeni sanksiyalar qüvvəyə minib və ölkə böyük iqtisadi böhrana sürüklənib.
Gülayə Mecid