ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb.
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır. Biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır.
“Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.