Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GIZ) və Alman Yenidənqurma Kredit Bankı (KfW) Ermənistanda daimi nümayəndəliklər açacaq.
"Unikal" xəbər verir ki, bu barədə dünən jurnalistlərlə görüşündə Ermənistanın iqtisadiyyat naziri Vaana Kerobyan bildirib.
O, hökumətin bu idarələrin hüquqi statusu ilə bağlı məsələni tez bir zamanda həll etməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistan Almaniya ilə yeni sahələri, o cümlədən bərpa olunan enerji, günəş enerjisi, orta ixtisas təhsili, eləcə də ərzaq təhlükəsizliyi ilə bağlı çağırışları əhatə edən əlaqələri inkişaf etdirməyi nəzərdən keçirir.
Nazir sənaye sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib:
“İqtisadiyyatın inkişafı və əmək məhsuldarlığının artırılması üçün ekspert dəstəyi çərçivəsində Ermənistana təqaüdə çıxmış yüksək ixtisaslı alman mütəxəssislərinin göndərilməsinin mümkünlüyü Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Naziri Svenj Şulze ilə də müzakirə olunub”, - Kerobyan vurğulayıb.
O, Ermənistanda turizmin inkişafında Almaniya hökumətinin dəstəyinin vacibliyini qeyd edib.
Gültəkin Ələsgər