Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar ilə görüşüb və onunla Ukraynada “Bayraktar” hücum dronlarının istehsalı üçün zavodun tikintisini müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında dərc olunmuş müraciətdə deyilir .
“Ukrayna prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüş keçirib”.
Həmsöhbətlər Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün Ukrayna ilə şirkət arasında gələcək əməkdaşlığa diqqət yetiriblər. Tərəflər həmçinin Ukraynada “Baykar” zavodunun tikintisinin təfərrüatlarını və Ukrayna hissələrindən istifadə etməklə yeni məhsulların istehsalını müzakirə ediblər”.
Zelenski Haluk Bayraktara Ukraynanın 1-ci dərəcəli “Xidmətlərə görə” ordenini təqdim edib.
Qeyd edək ki, fevralın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevə səfər edib. Onun səfəri zamanı səkkiz dövlətlərarası sənəd, o cümlədən yüksək texnologiyalar, aviasiya və kosmos sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb ki, bu da Ukraynada Bayraktarın istehsalı və texniki xidməti üzrə zavodun tikintisinə imkan verəcək. İyulun 19-da Ukrayna Nazirlər Kabineti Türkiyə ilə sazişin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Avqustun 8-də Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib ki, Baykar Ukraynada zavod tikintisi üçün torpaq sahəsi alıb.