Bakıda dəfələrlə qaydaları pozuduğuna görə sürücülük hüququna məhdudiyyət qoyulan 10-MM-100 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü, "Zerkalnı Əliyar" ləqəbi ilə tanınan 77 yaşlı Əliyar Dadaşov Baş Dövlət Yol Polisi İdarəsində ona qarşı fiziki zorakılıq tətbiq olunduğunu iddia edib.
Əliyar Dadaşov "Unikal"a müraciətində bildirib ki, iki gün öncə "Toyota Prado" markalı avtomobilini texniki baxışdan keçirmək üçün evakuatorla Baş Dövlət Yol Polisi İdarəsinə aparıb:
"Maşını texniki baxışdan keçirərkən nömrəni də dəyişmək qərarına gəldim. Nömrə söküldü, yenisi verilməli idi. Mən nömrəni əlimdə tutmuşdum. Həmin zaman BDYPİ-nin əməkdaşı, polis kapitanı Rüstəm İsmayılov mənə yaxınlaşdı və avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirdi. Mən bunun səbəbini soruşduqda isə polis kapitanı əlimdə tuduğum nömrəni məndən zorla almağa çalışdı. Nəticədə mənim qoluma xəsarət yetirdi. Paltarlarım qana bulaşdı. Mən 1-ci qrup əliləm. Hesab edirəm ki, əlilliyi olan, özü də yaşlı bir adama qarşı zorakılıq edən polis əməkdaşı cəzalandırılmalıdır. Bundan əlavə, mənim avtomobilimi də qanunsuz olaraq cərimə meydançasında saxlayırlar. Sürücülük hüququm məhdudlaşdırılsa da, avtomobili sürmək üçün etibarnaməsi olan adam maşını "ştrafnoy"dan çıxarmalıdır. Lakin DYP əməkdaşları buna da icazə vermirlər”.
Şikayətçi iddia edir ki, bu mübahisə və ona qarşı edilən zorakılıq 10-MM-100 nömrə nişanı ilə bağlıdır:
"Mən bilirəm ki, bu işin arxasında Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini Afiyyəddin Leysanov dayanır. Onun məqsədi 10-MM-100 nömrəli dövlət qeydiyyat nişanını mənim əlimdən almaqdır. Ümid edirəm ki, mənə qarşı zorakılıq göstərən polis əməkdaşı cəzalandırılacaq və avtomobilin cərimə meydançasından çıxarılması üçün müvafiq göstəriş veriləcək", - deyə o əlavə edib.
Qeyd edək ki, iddia ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə göndərdiyimiz sorğuya cavab verilmədi.
Murad İbrahimli