Karib hövzəsində təsirli 3-cü kateqoriya səviyyəsində olan “İan” qasırğası Kubanın Pınar del Rio ərazisinə çatıb. Qasırğa səbəbindən 850 min insan işıqsız qalıb, 50 min insan təxliyə edilib.
"Unikal" xəbər verir ki, Kuba Meteorologiya İnstitutunun (INSMET Cuba) verdiyi açıqlamada bölgədə sürəti saatda 205 kilometrə çatan güclü külək və şiddətli yağışla təsirli olan qasırğa bölgəyə maddi ziyan vurub, 50 min insan evlərindən təxliyə edilib. Qasırğa quruya çatmazdan əvvəl Kuba hökuməti paytaxt Havana və Pınar del Rio da daxil olmaqla 6 əyalətdə 850 min insanın elektrik enerjisini kəsib və 55 sığınacaq tikib.
Bildirilib ki, İan qasırğası səbəbindən Pınar del Rioda bir çox evdə daşqınlar baş verib, damlar uçub, bəzi yıxılan ağaclar yolları bağlayıb. Qasırğa Havanada leysan yağışına səbəb olub. Kuba rəsmiləri qasırğa nəticəsində indiyədək heç bir itki barədə məlumat verilmədiyini bildirib.
ABŞ Milli Qasırğa Mərkəzi (NHC) tərəfindən verilən açıqlamada şimala doğru irəliləməyə davam edən İan qasırğasının gücünü daha da artıraraq 4-cü kateqoriya səviyyəsinə çatacağı və ABŞ-ın Florida əyalətini vuracağı bildirilib.