İyunun 13-də İsrailin yüksək səviyyəli hərbçilərin və nüvə alimlərinin ölümü ilə nəticələnən İrana ilk hücumundan bir neçə saat sonra, "Mossad"ın İsrail kəşfiyyat agentləri sabitliyi pozmaq məqsədi ilə Tehrandakı digər yüksək vəzifəli məmurları qorxutmaq üçün gizli kampaniyaya başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
İranın əsas dili olan fars dilində danışan İsrail təhlükəsizlik işçiləri mobil telefonları ilə yüksək səviyyəli İran rəsmilərinə zəng edərək, rejimə dəstəyi dayandırmasalar, onların da öldürüləcəkləri barədə xəbərdarlıq ediblər. Mənbələrdən biri "Mossad" tərəfindən yüksək vəzifələrdə olan 20-dən çox iranlı ilə əlaqə saxladığını deyib.
"Washington Post" İsrailin İrana qarşı bombardman kampaniyasına başladığı həmin gün baş tutan bu söhbətlərdən birinin səs yazısı və stenoqramını əldə edib. Bunu İsrail kəşfiyyatı ölkə liderlərinə yaxın olan yüksək rütbəli iranlı generala deyib: "İndi sizə məsləhət verə bilərəm: arvadınız və uşağınızla qaçmaq üçün 12 saatınız var. Əks halda, siz bizim siyahımızdasınız. Biz sənə şah damarından daha yaxınıq. Bunu unutma. Allah səni qorusun".
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü olan generala İran hökumətini pislədiyi videonu çəkmək əmri verilib. General "Bunu sizə necə göndərməliyəm?" deyə soruşub. "Mən sizə Telegram ID-si göndərəcəyəm", - deyə agent cavab verib.
Belə bir videonun göndərilib-göndərilmədiyi məlum deyil. Əməliyyatda iştirak edən şəxslərdən biri generalın hələ də sağ olduğunu güman edib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Ağarza Elçinoğlu