Slovakiya Ukrayna üçün daha 16 Zuzana 2 özüyeriyən haubitsa istehsal edəcək.
"Unikal" xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Yaroslav Nağıya istinadən Slovakiya radiosu məlumat yayıb.
“Slovakiyanın “Konstrukta-Defence” (Konstrukta-Defence) dövlət şirkəti Ukrayna üçün daha 16 “Zuzana 2” haubitsa istehsal edəcək”, - nazir radioda deyib.
Almaniya, Danimarka və Norveç haubitsaların istehsalını birgə maliyyələşdirəcək. Layihənin dəyəri 92 milyon avrodur. Ukrayna Silahlı Qüvvələri üçün özüyeriyən artilleriya qurğularının istehsalı üzrə müqavilə bazar günü Kopenhagendə Slovakiya və Danimarkanın müdafiə nazirləri tərəfindən imzalanıb.
Zuzana 2 8x8 təkərli şassiyə quraşdırılmış 155 mm-lik özüyeriyən topdur. Onun atəş məsafəsi 40 km-ə çatır. Zuzana-2 təxminən bir ilə yaxındır ki, Slovakiya ordusunda xidmətdədir. Bundan əvvəl respublika bu haubitsalardan bir neçəsini Ukraynaya göndərmişdi.