Ukrayna Qara dəniz vasitəsilə taxıl ixracına dair sazişin uzadılmasında maraqlıdır.
"Unikal" xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
BMT nümayəndəsi vurğulayıb ki, sazişin uzadılması təşkilatın baş katibi üçün prioritet məsələdir. O, həmçinin əldə olunan razılaşmaların effektivliyini və onların dünya ərzaq qiymətlərinə təsirini diqqətə çatdırıb.
"Bizə açıq şəkildə bildirildi ki, Ukrayna prezidenti və danışıqlar apardığımız insanlar baş katibin bu istiqamətdə səylərini dəstəkləməyə davam edirlər" deyə Dujarrik bildirib.
İyulun 22-də İstanbulda Rusiya , Ukrayna, Türkiyə və BMT nümayəndələri Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracında Rusiyanın yardımı haqqında sazişlər imzalayıblar. Razılaşma Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.
Daha sonra Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynadan taxılın demək olar ki, hamısı Avropaya, yalnız 5%-i ən kasıb ölkələrə gedir.
Gültəkin Ələsgər