Şimali Koreya hakimiyyəti DXR, LXR, Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşməklə bağlı referendumun nəticələrini dəstəkləyib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
KXDR-in Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Ço Çol-su “Biz Rusiya ilə birləşmək istəyən sakinlərin iradəsinə hörmət edirik və Rusiya hökumətinin bu bölgələri ölkənin bir hissəsi etmək mövqeyini dəstəkləyirik”, - deyib.
O, referendumların BMT Nizamnaməsinə uyğun keçirildiyini diqqətə çatdırıb.
Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson və Zaporojye vilayətlərində sentyabrın 23-dən 27-dək Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirilib.
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin və yuxarıda qeyd olunan regionların rəhbərləri Rusiya Federasiyasına daxil olmaq haqqında sazişlər imzalayıblar.
Bəzi Qərb ölkələri referendumlara görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Rusiya Xarici İşlər Nazirliyi Donbass, Xerson və Zaporojye vilayətlərinin respublikalarının Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı referendumların beynəlxalq hüquq normalarına tam uyğun şəkildə keçirildiyini qeyd edib.
Gülayə Mecid