Uqandada altı şagirddə Ebola virusu aşkarlanıb.
"Unikal" xəbər verir ki, Səhiyyə naziri Jane Ruth Aceng mətbuata açıqlamasında paytaxt Kampalada üç fərqli məktəbdə oxuyan altı şagirdin Ebola testinin müsbət çıxdığını açıqlayıb.
Uqanda Tibb Birliyi paytaxt Kampala üçün karantin tədbirlərinin həyata keçirilməsinə çağırıb.
Nadir və Sudan variantı olan Ebola virusunun ilk dəfə sentyabrın 19-da 24 yaşlı bir gəncdə aşkarlanmasından bəri 30 nəfər ölüb.
Xatırladaq ki, Uqandada Ebola 2000-ci illərin əvvəllərində yüzlərlə insanı, nəhayət 2012-ci ildə isə 17 nəfəri öldürmüşdü.
Bir növ hemorragik qızdırmaya səbəb olan Ebola ilk dəfə 1976-cı ildə Sudanın Nzara şəhərlərində və Konqo Demokratik Respublikasının (KDC) Yambuku şəhərlərində eyni vaxtda yayılan epidemiyalarda ortaya çıxdı. KDC-də epidemiya Ebola çayı yaxınlığındakı kənddə başladığı üçün xəstəlik bu çayın adını daşıyır.
Ebola 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılıb. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiyada 30 min insan virusa yoluxub, xəstələrdən 11 mindən çoxu dünyasını dəyişib.
Gültəkin Ələsgər