Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata bəyannaməsini təsdiqləməsi Qarabağın statusu məsələsini qeyd-şərtsiz həll edir. 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Avropanın təhlükəsizlik məsələlərinə həsr olunmuş mətbuat konfransında deyib. 

"Alma-Ata bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında sərhədlərin toxunulmazlığını təsdiq edir, başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti mütləq Azərbaycan SSR-in tərkibində olub. Azərbaycan, Ermənistan, Fransa və Aİ tərəfindən heç bir qeyd-şərtsiz təsdiq edildikdə, bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir", - Lavrov vurğulayıb.

Əbəs yerə deyil ki, Ermənistan rəhbərliyi son vaxtlar Qarabağdakı ermənilərin statusundan daha çox onların hüquqları haqqında danışır: "Azərbaycan Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazırdır". 

Rusiya Federasiyasının baş diplomatı qeyd edib ki, Rusiya 2020-ci ildə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməkdə davam edir.

Jurnalistin Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpası nə dərəcədə realdır sualına Lavrov belə cavab verib: "Belə bir ehtiyac yoxdur, çünki artıq o strukturu xatırlayan yoxdur". 

Ağarza Elçinoğlu