"Almaniya ordusunu gücləndirməklə, Avropanın təhlükəsizliyini təmin edən əsas elementlərdən biri olacaq"
"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz bildirib. O, qeyd edib ki, ölkəsinin “Avropa təhlükəsizliyinin təminatçısı” olmaq üçün addımlar atılır.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün dönüş nöqtəsi olduğunu və Almaniyanın təhlükəsizlik siyasətində böyük dəyişikliyə səbəb olduğunu bildirən Şolz, ölkəsinin müdafiə sahəsinə daha çox sərmayə qoyacağını və yeni təhdidlərə qarşı NATO daxilində daha böyük məsuliyyət daşıyacağını qeyd edib.
Ölkəsinin Avropa təhlükəsizliyinin aparıcı aktorlarından biri olmaq niyyətini açıqlayan Şolz, "Almaniya üçün həyati rol, ordumuza sərmayə qoymaq, Avropa müdafiə sənayesini gücləndirmək, hərbi gücümüzü artırmaqla Avropada təhlükəsizliyin əsas təminatçılarından biri olmaqdır.
Şolz Rusiya prezidenti Vladimir Putini beynəlxalq hüququ pozmaqda və Avropanın sülh mühitini pozmaqda ittiham edərək əlavə edib ki, “İmperiya gücü kimi çıxış edən Rusiya indi sərhədləri zorla yenidən cızmağa və dünyanı yenidən bloklara və təsir dairələrinə bölməyə çalışır”.
“Dünya Putinin istədiyini etməyə imkan verməməlidir; Rusiyanın revanşist imperializmi dayandırılmalıdır”. Şolz vurğulayıb ki, sülh sazişi Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli və Kiyevin gələcəkdə özünü müdafiə etmək qabiliyyətini təmin etməlidir.
“Tərəfdaşlarımızla koordinasiyada biz müharibədən sonra mümkün sülh sazişinin bir hissəsi kimi Ukraynanın təhlükəsizliyini qoruyacaq razılaşmalara nail olmağa hazırıq”, - Şolz bildirib.
Almaniya kansleri Şolz dünyanı rəqib bloklara ayıracaq yeni soyuq müharibə barədə xəbərdarlıq edərək, bugünkü çoxqütblü dünyada problemlərin həlli üçün daha çox diplomatik səylər göstərməyə çağırıb.