İran hicab geyinməmiş və ya düzgün olmayan şəkildə taxılan hicaba görə, qadınların bank hesablarının dondurulmasını təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə İranın “ Donya-e-Eqtesad ” qəzeti İran parlamentinin deputatı və İran İslam Şurasının Mədəniyyət üzrə komissiyasının üzvü Hüseyn Cəlalinin bəyanatına istinadən məlumat yayıb.
Parlamentari əmindir ki, belə bir tədbir ölkədə etirazların dayandırılmasına kömək edəcək və iranlı qadınlar düzgün hicab geyinməyə başlayacaqlar.
Cəlali hesab edir ki, hicab taxma qaydalarının pozulması halında həbslərə əl atmağa ehtiyac yoxdur. Millət vəkili qanunu pozanlara yazılı xəbərdarlıq edilməsini, təkrar pozuntu halında isə artıq onların bank hesablarının bloklanmasını təklif edib.
Bundan əvvəl İran hakimiyyəti ölkədə əxlaq polisini ləğv edib. Qərar ölkədə iki aydan çox davam edən etiraz aksiyalarından sonra qəbul edilib. Kütləvi iğtişaşlar Tehranda əxlaq polisi tərəfindən səhv hicab geyindiyinə görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb . O, həbsindən bir neçə gün sonra dünyasını dəyişib.
İran parlamenti hicabın məcburi geyinilməsi məsələsini araşdıracaq ayrıca mədəniyyət şurası yaradıb.
Gültəkin Ələsgər