Əfqanıstanın paytaxtı Kabilin şimalında tuneldə yanacaq tankerinin partlaması nəticəsində azı 19 nəfər ölüb, 32 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, Kabildən təxminən 80 mil şimalda yerləşən Salanq Tuneli ilk olaraq 1960-cı illərdə sovet qoşunlarına kömək etmək üçün tikilib. Bu, ölkənin şimalı ilə cənubu arasında əsas əlaqədir.
Pərvan əyalətinin sözçüsü Səid Himətullah Şamim bildirib ki, şənbə gecəsi tuneldə baş verən partlayışda qadın və uşaqlar da daxil olmaqla ən azı 19 nəfər ölüb. O, dağıntılar altında sağ qalanların olduğunu və ölənlərin sayının arta biləcəyini bildirib.
Yerli vaxtla saat 20:30 radələrində baş verən insidentin nədən baş verdiyi hələlik bəlli deyil.
Yerli rəsmi doktor Abdulla Əfqanın sözlərinə görə, Pərvan səhiyyə şöbəsi 14 ölü və 24 yaralı qəbul edib. Onun sözlərinə görə, ölənlər arasında beş qadın və iki uşaq, qalanları isə ağır yanıq xəsarətləri alan və şəxsiyyətini müəyyən etmək mümkün olmayan kişilərdir.
İctimai İşlər Nazirliyinin sözçüsü Molvi Həmidullah Misbah bazar günü səhər saatlarında yanğının söndürüldüyünü və qrupların hələ də tuneli təmizləmək üçün çalışdığını bildirib.