Meşə əkinləri və səpin işləri qış aylarında da davam etdirilə bilər. Payızın sonu və qış mövsümü iqlim şəraitinə uyğun olaraq əkin üçün optimal vaxt hesab edilir. Bu mövsümlərdə havaların yağıntılı keçməsi nəticəsində torpaqda yaranmış nəmlik hesabına tingin kökü inkişafdan dayanmır. Baharın gəlişi və havaların istiləşməsinə qədər formalaşmış kök sistemi hesabına tinglər normal böyüyüb inkişaf edir.
"Unikal"ın məlumatına görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu dövrdə alaq otlarının da olmaması kök sisteminin daha yaxşı inkişafına səbəb olur, lakin əkin işlərinin şaxtasız günlərdə, torpaq səthi donmadığı vaxtlarda aparılması daha məqsədəuyğundur.
"Subtropik regionlarda bu işləri il boyu yerinə yetirmək mümkündür. Aparılan əkin işlərində yerli şəraitə uyğunlaşmış növlərə, xüsusən də qışda yarpağı tökülən ağac cinslərindən palıd və ağcaqayına daha çox üstünlük verilməsi lazımdır”.
V.Kərimovun sözlərinə görə, hazırki mövsümdə meşə əkini zamanı toxumların səpilməsi işləri də aparılır.
“Belə ki, qış aylarında səpilən bəzi toxumlar yaz mövsümündə hava və torpaqda temperatur artmağa başladıqda daha tez cücərirlər. Nəticə etibarı ilə səpilmiş toxumlar isti yay günlərinədək normal toxmacar kimi formalaşırlar".
Nazir müavini onu da qeyd edib ki, payız-qış mövsümündə meşə sahələrində ağac əkinlərinin, toxum səpini işlərinin aparılması, yaz əkinləri ilə müqayisədə həm bitiş faizinin yüksək olması, həm də dayanıqlılıq baxımından daha uyğundur.