Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və xüsusilə terrorla əlaqəli şəxsləri Ankaraya təhvil vermədiyini və onların bank hesablarını dondurmadığını bildirib.
"Unikal" xəbər verir ki, Çavuşoğlu Ankarada isveçli həmkarı Tobias Billström ilə birgə mətbuat konfransında narazılığını bildirib.
İsveç Türkiyəni NATO-ya üzvlük təşəbbüsünü təsdiqləməyə inandırmağa davam edir.
"İsveçin atdığı bəzi addımları alqışlayırıq, onları gözardı edə bilmərik, amma daha çox işlər görmək lazımdır, çox mühüm addımlar atılmalıdır", - Çavuşoğlu bildirib.
“Nazir Çavuşoğluna və Türkiyə xalqına mesajım aydındır: İsveç öz öhdəliklərini yerinə yetirir. Biz onları ciddi qəbul edirik. Biz sazişin bütün bəndləri üzrə tədbirlər gördük və bunu davam etdirəcəyik”, - deyə İsveç xarici işlər naziri bildirib.
O qeyd edib ki, İsveçdə məhkəmələr müstəqildir. Bu həftənin əvvəlində İsveç Bülənt Kenesin Ankaraya ekstradisiya edilməsi tələbini rədd edib.
Gültəkin Ələsgər