“Xəzər Media Mərkəzi”nin hazırladığı və tamaşaçı auditoriyasının marağına səbəb olan "Qartal Zirvədə" sənədli filmi bu gün geniş ictimaiyyətə təqdim olunub.
"Unikal" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, media ilə bağlı qurumların, ölkədə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin ali zabit heyəti, əməkdaşları iştirak ediblər.
Filmlə bağlı çıxış edən “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov tədbirin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ad gününə təsadüf etdiyini bildirib və "Qartal Zirvədə" sənədli filminin çəkilməsindəki əsas məqsədləri açıqlayıb.
Daha sonra nitq söyləyən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Vətən müharibəsində Zəfərin qazanılmasında rəhbərlik etdiyi qurumun fəaliyyətlərindən danışıb. DTX rəisi göstərdiyi qəhrəmanlıq nümunələrinə görə yüksək orden və medal qazanan xidmət əməkdaşlarının sayını açıqlayıb.
DTX rəisi "Qartal Zirvədə" sənədli filminin çəkilişlərinə görə “Xəzər Media Mərkəzi”nə təşəkkür edib.
Çıxışlardan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev "Qartal Zirvədə" sənədli filminin ideya müəllifi, “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşovu "Dövlət Təhlükəsizliyi və və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı ilə təltif edib.
Filmin müəllifi Rüstəm İbadov və rejissoru Aslan Qarayevə isə hədiyyələr təqdim olunub.
Sonda tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanan və içərisindəki faktlar, eləcə də fərqli görüntüləri ilə izləyicilərin diqqətini qazanan "Qartal Zirvədə" sənədli filmi nümayiş olunub.