Təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza enişi edən "Qantas Airways" aviaşirkətinin Sinqapur-London reysinin sərnişinlərinin daşınması üçün aviaşirkətin digər bir layneri - "Airbus 380" Bakıya gəlib.
Bu barədə "Unikal"a Azərbaycan Hava Yolları (AZAL) QSC-dən bildirilib.
Bu təyyarə ilə sözügedən reysin sərnişinləri bü gün səhər saatlarında Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər.
Qeyd edək ki, dekabrın 23-ü iki göyərtəli A380 hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib.
Buna səbəb təyyarənin yük bölməsindəki tüstü sensorunun işə düşməsi olub.
Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.
Xatırladaq ki, bu, A380 təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.