Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi İsa Muradov və Biznesin iqtisadiyyatı və menecment kafedrasının müəllimi Xanlar Qəniyev Türk Universitetləri Birliyi tərəfindən həyata keçirilən Orhun mübadilə proqramı çərçivəsində Bişkek şəhərində yerləşən Qırğızıstan-Türkiyə Manas Universitetində (QTMU) ezamiyyətdə olublar.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində AzMİU müəllimləri Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alparslan Ceylanla görüşüb, Türk xalqları arasında olan isti münasibətlərin genişləndirilməsində göstərdiyi fəaliyyətə görə AzMİU rektoru, professor Gülçöhrə Məmmədovanın ona təşəkkürünü çatdırıblar. Qeyd edilib ki, ölkələrimiz, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən əlaqələr universitetlər arasındakı əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaradıb.
Rektor Alparslan Ceylan da öz növbəsində professor Gülçöhrə Məmmədovaya Türk Universitetlər Birliyinin və Orhun mübadilə proqramının fəaliyyətində göstərdiyi diqqətə, verdiyi töhfəyə görə minnətdarlığını bildirib, əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, Qırğızıstan-Türkiyə Manas Universiteti AzMİU ilə əlaqələrin daha da genişləndirilməsində maraqlıdır.
AzMİU əməkdaşları Qırğızıstan-Türkiyə Manas Universitetinin beynəlxalq əlaqələr şöbəsində də görüşlər keçiriblər. Burada hər iki universitetin beynəlxalq əlaqələri, iştirak etdiyi beynəlxalq təhsil layihələri çərçivəsində, eləcə də potensial imkanlar əsasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfər çərçivəsində İsa Muradov “Marketinq”, Xanlar Qəniyev isə “Menecment” mövzusunda Qırğızıstan-Türkiyə Manas Universitetinin tələbələrinə təlimlər də keçiblər. Təlimlərdə marketinq və menecment sahəsində AzMİU-nun təcrübəsi, universitetdə tətbiq olunan elmi-praktiki metodlar, eləcə də beynəlxalq trendlər haqqında məlumat verilib.