Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, akademiyanın kitabxanasında başlayan tədbirdə Sosial məsələlər, Tələbə-gənclərlə iş və İctimaiyyətlə əlaqələr üzrə prorektor Almaz Ələkbərova, elmi katib, Elmi innovasiyalar mərkəzinin müdiri Bəxtiyar Rüstəmov, Tədrisin təşkili və idarə edilməsi departamentinin direktoru Rafael Novruzov, professor-müəllim və inzibati heyət, həmçinin ASAPES SABAH tələbələri iştirak ediblər.
Heydər Əliyev Muzeyində təşkil edilən və 20 Yanvar faciəsinə həsr olunan sərgi ilə tanışlıqdan sonra tədbir konfrans zalında davam etdirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Akademiyanın Sosial məsələlər, Tələbə-gənclərlə iş və İctimaiyyətlə əlaqələr üzrə prorektoru Almaz Ələkbərova bildirib ki, 33 il öncə doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova öz çıxışında həmin gecənin Azərbaycanın müasir tarixinə qürur və başucalığı gətirən günlərdən biri olduğunu vurğulayaraq qeyd edib ki, bu hadisə xalqımızın qəhrəmanlıq tarixində önəmli yer tutur və Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin, yenilməz iradəsinin rəmzinə çevrilib.
20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunduqdan sonra çıxış edən Sosial elmlər kafedrasının tarix müəllimləri Taleh Cəfərov və Zəfər Kərimov bildiriblər ki, bu gün hər bir azərbaycanlı bu tarixin möhtəşəmliyini, əzəmətini başa düşür və gələcək nəsillərə bu hissləri ötürməklə şəhidlərimizin böyük fədakarlığına layiqli qiymət verir.