Dünən kənar dairəvi yolda dəhşətli qəza törədən "KİA"nın sürücüsü Namiq Seyidov sükan arxasında məsuliyyətsizlik etdiyini, tələsdiyi üçün kobud şəkildə manevretmə qaydasını pozduğunu etiraf edib.
"Unikal" Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, sürücü sürət həddini aşdığını deyib: "İşə çox vaxt həmin yolla gedirəm və həmin yolda radarların yerini bilirəm. Radara çatanda sürəti azaldıb, sonra yenidən artırıram. Nə yalan deyim? Demək olar ki, o yolda avtomobili 120 km/saatdan aşağı sürətlə heç kim idarə etmir. Sadəcə mənim ağılsızlığım orda oldu ki, yük maşınını sağdan keçdim. Keçməsəm düz yol ilə gedirdim"
Baş verən hadisədə təhlükəsizlik kəməri sayəsində sağ qaldığını vurğulayan sürücü sərnişin xanım da təhlükəsizlik kəmərini taxsaydı bəlkə heçnə olmazdı deyə vurğulayıb.
Qeyd edək ki, ölən şəxsin iki azyaşlı övladı var.