Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Fransa Respublikasında yaşayan, beynəlxalq "i24 News” TV-nin əməkdaşı, "Club des Reporters" verilişinin aparıcısı, "Bastille" va "Hémicycle" jurnallarının yazarı, "BFM” TV-nin və "France Bleu" radiokanalının spikeri Maykl Darmonla görüşüb.
"Unikal" xəbər verir ki, ölkəmizdə qaçqın və məcburi köçkün probleminin yaranmasının səbəbləri, bu sahədə həyata keçirilən dövlət siyasəti barədə qonağa ətraflı məlumat verilib. Emənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının öz doğma yurdundan didərgin düşdüyü, ciddi məhrumiyyətlərlə üzləşdiyi vurğulanıb. Qeyd edilib ki, qaçqınlar və məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərinin işğaldan azad olunmasından sonra məcburi köçkünlərin doğma yurdlarına beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmasına imkan yaranıb. Həmin ərazilərdə onların müasir tələblərə cavab verən yaşayış şəraiti ilə təmin olunması üçün dövlət tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyi, bu zaman “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına üstünlük verildiyi qeyd edilib. Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndlərində bərpa-quruculuq işlərinin aparıldığı, artıq həmin yaşayış məntəqələrində 510 məcburi köçkünün daimi məskunlaşdırıldığı, bununla belə, Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Ermənistanın hərbi təyinatı olmayan torpaqları belə minalamasının Böyük Qayıdış prosesini ləngitdiyi bildirilib.
Maykl Darmon səmimi söhbətə görə təşəkkür edib, səfərinin Azərbaycan həqiqətləri barədə beynəlxalq ictimaiyyətə obyektiv məlumat çatdırmaq məqsədi daşıdığını vurğulayıb. Fransalı jurnalist səfər çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərinə gedəcəyini bildirib.
Dövlət Komitəsinin sədri qaçıqnlar və məcburi köçkünlərlə əlaqədar onu maraqlandıran bütün məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.