Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Kubokunun qalibi olan “Gəncə” Basketbol Klubunun üzvləri ilə görüş keçirib. Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə Millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi, Aparatın məsul əməkdaşları, klubun məşqçiləri və üzvləri iştirak ediblər.
"Unikal" xəbər verir ki, Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idman sahəsinə olan xüsusi diqqət və qayğısından bəhs edib. Şəhər rəhbəri həmçinin, ilk dəfə keçirilən yarışda komandanın əldə etdiyi nailiyyəti yüksək qiymətləndirib və bunun Gəncə idmanı adına xüsusi uğur olduğunu vurğulayıb. Niyazi Bayramov komandanı əldə etdiyi qələbə münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Müşfiq Cəfərov da basketbolun Nizami yurdunda futbol qədər sevildiyini, azarkeşlərin oyunlar zamanı tribunaları doldurduğunu qeyd edib və basketbol klubuna yeni nailiyyətlər diləyib.
“Gəncə” Basketbol Klubunun məşqçisi Rizvan Səfərov klubun fəaliyyətindən danışıb. Klubun cari mövsümdə Azərbaycan çempionatında da uğurlu çıxış etdiyini bildirib. Əlavə edib ki, kubokdakı nəticəni çempionatda da təkrarlamaq arzusundadırlar.
Komandanın kapitanı Amil Həmzəyev ölkə kuboku uğrunda yarışın ilk dəfə keçirildiyini söyləyərək bu səbəbdən də kubokun ilk sahibində həmişəlik qalacağını bildirib.
Görüşün sonunda Niyazi Bayramova komandanın forması hədiyyə olunub. Bununla yanaşı, şəhər rəhbəri ev oyunlarına dəvət edilib.
Sonda xatirə şəkli çəkdirilib.