Qazaxıstan Respublikasının Satbayev Universitetinin Bassenov adına Memarlıq və İnşaat Mühəndisliyi İnstitutunun 11 magistrantı elmi-tədqiqat aparmaq üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) ezam olunublar.
"Unikal" xəbər verir ki, AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva Qazaxıstanlı tələbələrlə görüşüb və onlara universitet haqqında geniş məlumat verib. Prorektor tələbələrə elmi işləri və tədqiqat prosesində təşkilatı məsələlərlə bağlı tövsiyələrini də verib.
Məlumat üçün bildirək ki, Qazaxıstanlı tələbələr beynəlxalq tədris proqramına əsasən, 30 mart – 18 aprel tarixlərində Mühəndis sistemləri və qurğularının tikintisi kafedrası, Memarlıq layihələndirilməsi və şəhərsalma, Fövqəladə hallar və şəhər təhlükəsizliyi, İnşaat konstruksiyaları kafedralarında elmi-tədqiqatlara cəlb olunacaqlar. Onlar bu tarixlərdə tədris prosesi ilə tanış olacaq, professor-müəllim heyətinin mühazirələrini dinləyəcək, müvafiq sahə üzrə elmi-tədqiqat araşdırmaları aparacaq, AzMİU-nun zəngin kitabxanasından yararlana və laboratoriyaların iş fəaliyyətini yaxından izləyə biləcəklər.
Elmi tədqiqat təcrübəsinin məqsədi magistrların elm və texnologiyanın son nailiyyətləri ilə tanış edilməsindən, tədqiqat işlərini təkmilləşdirməkdən, təcrübə mübadiləsi və elm sahəsində əlaqələrin genişləndirilməsindən ibarətdir.
Qeyd edək ki, artıq ikinci ildir ki, Satbayev Universitetinin Bassenov adına Memarlıq və İnşaat Mühəndisliyi İnstitutunun magistrantları AzMİU-ya elmi-tədqiqat təcrübəsinə göndərilir.